← Hebrews (6/13) → |
1. | Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini, |
2. | vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. |
3. | Allah izin verərsə, bunlara da əməl edəcəyik. |
4. | Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş, |
5. | Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda |
6. | imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər. |
7. | Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır. |
8. | Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır. |
9. | Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz. |
10. | Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun. |
11. | Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki, |
12. | siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz. |
13. | Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi: |
14. | «Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». |
15. | Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu. |
16. | İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. |
17. | Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. |
18. | Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. |
19. | Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. |
20. | İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu. |
← Hebrews (6/13) → |