← Hebrews (5/13) → |
1. | İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. |
2. | Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur. |
3. | Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir. |
4. | Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur. |
5. | Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» deyən Allah Onu izzətləndirdi. |
6. | Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». |
7. | Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. |
8. | O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. |
9. | Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu |
10. | və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi. |
11. | Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir. |
12. | Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. |
13. | Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir. |
14. | Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür. |
← Hebrews (5/13) → |