| ← Hebrews (4/13) → |
| 1. | Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq. |
| 2. | Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar. |
| 3. | Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır. |
| 4. | Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi». |
| 5. | Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər». |
| 6. | Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər. |
| 7. | Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz inadkar olmasın». |
| 8. | Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı. |
| 9. | Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır. |
| 10. | Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi. |
| 11. | Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın. |
| 12. | Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir. |
| 13. | Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik. |
| 14. | Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. |
| 15. | Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. |
| 16. | Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq. |
| ← Hebrews (4/13) → |