| ← Hebrews (3/13) → |
| 1. | Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün. |
| 2. | İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı. |
| 3. | Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü. |
| 4. | Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır. |
| 5. | Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı. |
| 6. | Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik. |
| 7. | Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz, |
| 8. | Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın. |
| 9. | Orada atalarınız Məni sınadılar, Qırx il əməllərimi görərək Məni yoxladılar. |
| 10. | Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, Yollarımı tanımırlar”. |
| 11. | Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». |
| 12. | Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. |
| 13. | Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın. |
| 14. | Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq. |
| 15. | Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın». |
| 16. | Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi? |
| 17. | Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi? |
| 18. | Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil? |
| 19. | Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər. |
| ← Hebrews (3/13) → |