← Hebrews (13/13) |
1. | Aranızda daimi qardaşlıq sevgisi olsun. |
2. | Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər. |
3. | Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz. |
4. | Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək. |
5. | Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». |
6. | Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?» |
7. | Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün. |
8. | İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir. |
9. | Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər. |
10. | Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur. |
11. | Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır. |
12. | Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. |
13. | Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək. |
14. | Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq. |
15. | Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək. |
16. | Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır. |
17. | Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz. |
18. | Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq. |
19. | Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm. |
20. | Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah |
21. | sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin. |
22. | Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım. |
23. | Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm. |
24. | Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər. |
25. | Hamınıza lütf olsun! |
← Hebrews (13/13) |