| ← Hebrews (10/13) → |
| 1. | Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. |
| 2. | Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər. |
| 3. | Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır. |
| 4. | Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür. |
| 5. | Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın. |
| 6. | Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. |
| 7. | O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”». |
| 8. | Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. |
| 9. | Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. |
| 10. | Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq. |
| 11. | Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. |
| 12. | Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. |
| 13. | O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. |
| 14. | Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi. |
| 15. | Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir: |
| 16. | «“O günlərdən sonra Onlarla bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların ürəyinə qoyub Zehinlərinə yazacağam”». |
| 17. | Sonra deyir: «Günahlarını və qanunsuzluqlarını yada salmayacağam». |
| 18. | Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur. |
| 19. | Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. |
| 20. | O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. |
| 21. | Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. |
| 22. | Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. |
| 23. | Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. |
| 24. | Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. |
| 25. | Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. |
| 26. | Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. |
| 27. | Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. |
| 28. | Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. |
| 29. | Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? |
| 30. | Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyırıq. |
| 31. | Var olan Allahın əlinə düşmək dəhşətdir! |
| 32. | Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. |
| 33. | Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz. |
| 34. | Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. |
| 35. | Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. |
| 36. | Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. |
| 37. | Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək. |
| 38. | Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam». |
| 39. | Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq. |
| ← Hebrews (10/13) → |