Haggai (1/2) → |
1. | Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: |
2. | «Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”». |
3. | Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu: |
4. | «Bu məbəd xaraba qaldığı halda Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?» |
5. | İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün. |
6. | Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur». |
7. | Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün. |
8. | İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun. Onda razı qalaram, izzətlənərəm». Bunu deyən Rəbdir. |
9. | Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz. |
10. | Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi. |
11. | Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına, Torpağın yetirdiyi nemətlərə, Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elan etdim». |
12. | Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu. |
13. | Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”». |
14. | Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı. |
15. | Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi. |
Haggai (1/2) → |