| ← Habakkuk (3/3) |
| 1. | Peyğəmbər Habaqququn duası, Şiqqayonlar kökü üstündə. |
| 2. | Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla! |
| 3. | Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Sela Ehtişamı göyü bürüdü, Yer üzü Ona edilən həmd-sənalarla doldu. |
| 4. | Cah-calalı günəş tək parıldayır, Əlindən nur tökülür, Qüdrəti əlində gizli saxlanılıb. |
| 5. | Vəba Onun önündə gedir, Ölümcül xəstəlik arxasınca gəlir. |
| 6. | O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir. |
| 7. | Gördüm ki, Kuşan çadırları əziyyət altındadır, Midyan çadırlarının pərdələri lərzəyə gəldi. |
| 8. | Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən? |
| 9. | Yayını açdın, Oxdanını oxlarla doldurdun. Sela Yer üzünü çaylarla yardın. |
| 10. | Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı. |
| 11. | Uçan oxlarının qığılcımından, İşıldayan nizənin parıltısından Günəş və ay yerlərində durdu. |
| 12. | Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın. |
| 13. | Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyinin xilası üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun. Sela |
| 14. | Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi. |
| 15. | Sən Öz atlarınla dənizi tapdaladın, Coşğun suları köpüklətdin. |
| 16. | Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm. |
| 17. | Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da, |
| 18. | Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam! |
| 19. | Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı marallar kimi çevik edir, Zirvələrimdə məni gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə. |
| ← Habakkuk (3/3) |