| Habakkuk (1/3) → |
| 1. | Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq. |
| 2. | Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan. |
| 3. | Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, Orada soyğunçuluq və zorakılıq var, Davaların, çəkişmələrin sonu yoxdur. |
| 4. | Buna görə qanun qüvvədən düşdü, Ədalətə üstünlük verilmir. Pis adamlar salehləri dövrəyə alır, Ona görə ədalət təhrif olunur. |
| 5. | Baxın o biri millətlərə, Gördüklərinizə təəccüblənərək mat qalın. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Bunu sizə danışsalar, inanmazsınız. |
| 6. | Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram. |
| 7. | Onlar dəhşətli və qorxuncdur, Ədalət və şərəf yalnız onlar deyəndir. |
| 8. | Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır. |
| 9. | Onların hamısı zorakılıq üçün gəlir, Hamısı bir nəfər kimi irəliyə üz tutur, Əsirləri qum kimi yığırlar. |
| 10. | Padşahlara rişxənd edirlər, Hökmdarlara gülürlər. Hər qalalı şəhərə lağ edirlər, Oraya torpaq qalağı töküb ələ keçirirlər. |
| 11. | Onlar yel kimi keçib-gedir. Qüvvələrini özlərinə allah edən bu adamlar Təqsirkar sayılacaq. |
| 12. | Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım, Müqəddəs Olanım, Biz ölməyəcəyik. Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin. Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin. |
| 13. | Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə Axı niyə susursan? |
| 14. | Sən insanları sanki dəniz balıqlarına, Başçıları olmayan sürünən canlılara çevirdin. |
| 15. | O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır. |
| 16. | Buna görə torları üçün qurban kəsir, Ağları üçün buxur yandırır, Axı o bu torlarla Bol və ləzzətli yemək əldə edir. |
| 17. | Torunu durmadan boşaltmağa, Millətləri amansızcasına qırmağa davam edəcəkmi? |
| Habakkuk (1/3) → |