← Genesis (9/50) → |
1. | Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. |
2. | Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib. |
3. | Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm. |
4. | Ancaq əti onun canı olan qanla birgə yeməyin. |
5. | Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam. |
6. | Kim insan qanı töksə, Onun da qanı İnsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb. |
7. | Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın». |
8. | Allah Nuha və yanında olan oğullarına dedi: |
9. | «Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, |
10. | gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. |
11. | Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». |
12. | Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: |
13. | buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. |
14. | Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. |
15. | Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək. |
16. | Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam». |
17. | Allah yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur». |
18. | Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. |
19. | Nuhun üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi. |
20. | Nuh torpağı becərməyə başladı və bir üzüm bağı saldı. |
21. | O, şərab içib sərxoş oldu və öz çadırında çılpaq uzandı. |
22. | Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi. |
23. | Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər. |
24. | Nuh öz sərxoşluğundan ayıldı və kiçik oğlunun əməlini bilib dedi: |
25. | «Kənana lənət olsun, Öz qardaşlarının qullarına qul olsun». |
26. | Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun. |
27. | Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun». |
28. | Nuh daşqından sonra üç yüz əlli il yaşadı. |
29. | O, doqquz yüz əlli il ömür sürüb öldü. |
← Genesis (9/50) → |