← Genesis (8/50) → |
1. | Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. |
2. | Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. |
3. | Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. |
4. | Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. |
5. | Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü. |
6. | Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb |
7. | bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. |
8. | Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. |
9. | Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. |
10. | O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. |
11. | Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. |
12. | O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı. |
13. | Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. |
14. | İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu. |
15. | Allah Nuha dedi: |
16. | «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. |
17. | Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». |
18. | Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. |
19. | Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər. |
20. | Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. |
21. | Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm. |
22. | Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək». |
← Genesis (8/50) → |