← Genesis (7/50) → |
1. | Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. |
2. | Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür. |
3. | Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür. |
4. | Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». |
5. | Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. |
6. | Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. |
7. | Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. |
8. | Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin |
9. | erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. |
10. | Yeddi gün sonra yer üzündə daşqın oldu. |
11. | Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. |
12. | Yer üzünə qırx gün-qırx gecə yağış yağdı. |
13. | Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. |
14. | Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: |
15. | həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. |
16. | Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü. |
17. | Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. |
18. | Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. |
19. | Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. |
20. | Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. |
21. | Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. |
22. | Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. |
23. | Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. |
24. | Yüz əlli gün ərzində su yer üzündə çoxaldı. |
← Genesis (7/50) → |