← Genesis (6/50) → |
1. | İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu. |
2. | O zaman Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər. |
3. | Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq». |
4. | Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi. |
5. | Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. |
6. | O, yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi. |
7. | Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam». |
8. | Ancaq Nuh Rəbbin gözündə lütf tapdı. |
9. | Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi. |
10. | Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. |
11. | Ancaq Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. |
12. | Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı. |
13. | Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm. |
14. | Özünə qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur. |
15. | Gəmini belə düzəlt: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac olsun. |
16. | Gəminin üstündən bir qulac aşağı pəncərə açarsan və qapısını yan tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri altda, biri ortada, biri də üstdə. |
17. | Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. |
18. | Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. |
19. | Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın. |
20. | Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın. |
21. | Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun». |
22. | Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. |
← Genesis (6/50) → |