| ← Genesis (50/50) |
| 1. | Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü. |
| 2. | Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar. |
| 3. | Bu iş qırx günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular. |
| 4. | Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki, |
| 5. | atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım». |
| 6. | Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır». |
| 7. | Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları, |
| 8. | Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular. |
| 9. | Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi. |
| 10. | Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu. |
| 11. | O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi. |
| 12. | Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər. |
| 13. | Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı. |
| 14. | Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı. |
| 15. | Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?» |
| 16. | Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin: |
| 17. | “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı. |
| 18. | Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq». |
| 19. | Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz? |
| 20. | Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun. |
| 21. | Daha qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi. |
| 22. | Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü. |
| 23. | O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu. |
| 24. | Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq». |
| 25. | Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın». |
| 26. | Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular. |
| ← Genesis (50/50) |