← Genesis (49/50) → |
1. | Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim: |
2. | Ey Yaqub oğulları, yığılıb eşidin, Atanız İsrailə qulaq asın: |
3. | Ey Ruven, ilk oğlum, Gücümün və qüdrətimin mənbəyi sənsən. Ləyaqətin hamıdan üstündür, Qüvvətin hamıdan çoxdur. |
4. | Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin, Sən döşəyimə çıxdın. |
5. | Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar. |
6. | Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər. |
7. | Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda ayıracağam, İsraildə səpələyəcəyəm. |
8. | Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək. |
9. | Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər? |
10. | Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək. |
11. | Eşşəyini tənəyə, Ulağını ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, Köynəyini üzümün qızıl qanında yuyacaq. |
12. | Gözləri şərabdan da parlaq olacaq, Dişləri süddən də ağ olacaq. |
13. | Zevulun isə dəniz kənarında yaşayacaq, Ora gəmilərin limanı olacaq, Ərazisi Sidonun yanınadək uzanacaq. |
14. | Qoyun ağılları arasında yatan İssakar Bir qüvvətli ulağa oxşar. |
15. | O, yaxşı və rahat olan yer, Bir səfalı ölkə görsə, Çiynini yük daşımaq üçün əyər, Mükəlləfiyyətçi qul olar. |
16. | Dan İsrail qəbilələrindən biri olub Öz xalqına hökm edəcək. |
17. | Dan yol üstündə bir ilan, Cığırda bir gürzə olacaq; Elə bir gürzə ki atın topuğundan sancır, Süvarisi arxası üstə yıxılır. |
18. | Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm. |
19. | Qad talançı basqınına düçar olacaq, Lakin onları topuğundan vuracaq. |
20. | Aşerdən zəngin nemətlər gələcək, O, şahanə ləzzətli yeməklər yetirəcək. |
21. | Naftali azad edilmiş bir maraldır, Ondan gözəl balalar doğulacaq. |
22. | Yusif barlı bir ağac, Çeşmə kənarında meyvəli bir ağacdır, Budaqları divarın üstündən aşar. |
23. | Oxçular ona güclü hücum etdilər, Düşmənçilik edib üstünə ox yağdırdılar. |
24. | Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu. |
25. | Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək. |
26. | Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin – qardaşlar arasında Başçı olanın üstündə olsun. |
27. | Binyamin acgöz bir qurddur, Səhər ovunu yeyər, Axşam qənimət paylar». |
28. | Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi. |
29. | Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın. |
30. | O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. |
31. | İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım. |
32. | Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb». |
33. | Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu. |
← Genesis (49/50) → |