← Genesis (48/50) → |
1. | Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə götürdü. |
2. | Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb yatağı üstündə oturdu. |
3. | Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi. |
4. | O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”. |
5. | İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq. |
6. | Onlardan sonra sənin üçün doğulan uşaqlar isə səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq. |
7. | Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım». |
8. | İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?» |
9. | Yusif atasına dedi: «Allahın burada mənə verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim». |
10. | İsrail artıq qocalmış, gözləri zəifləmişdi və görə bilmirdi. O, nəvələrini özünə yaxınlaşdırdı və öpüb qucaqladı. |
11. | Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin övladlarını da göstərdi». |
12. | Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun qarşısında üzünü yerə qoyaraq səcdə etdi. |
13. | Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı. |
14. | İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi. |
15. | İsrail Yusifə xeyir-dua verərək belə dedi: «Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah, Bu günə qədər mənim qayğıma qalan Allah, |
16. | Məni bütün pisliklərdən xilas edən Mələk Qoy bu uşaqlara da xeyir-dua versin! Onlar mənim adımla, Atalarım İbrahim və İshaqın Adı ilə çağırılsın, Yer üzündə çoxaldıqca çoxalsın!» |
17. | Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi. |
18. | Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil». |
19. | Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq». |
20. | O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi: «İsrail nəsli “Qoy Allah səni Efrayim və Menaşşe kimi etsin” Deyərək sizin adınızla Xeyir-dua verəcək». Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu. |
21. | İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq. |
22. | Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam». |
← Genesis (48/50) → |