← Genesis (46/50) → |
1. | İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi. |
2. | Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam». |
3. | Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm. |
4. | Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq». |
5. | Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. |
6. | Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər. |
7. | O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi. |
8. | İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven. |
9. | Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. |
10. | Şimeonun oğulları: Yemuel, Yamin, Oxad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul. |
11. | Levinin oğulları: Gerşon, Qohat və Merari. |
12. | Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. |
13. | İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron. |
14. | Zevulunun oğulları: Sered, Elon və Yaxleel. |
15. | Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi. |
16. | Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli. |
17. | Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel. |
18. | Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi. |
19. | Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin. |
20. | Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu. |
21. | Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard. |
22. | Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi. |
23. | Danın oğlu Xuşim. |
24. | Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem. |
25. | Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi. |
26. | Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi. |
27. | Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi. |
28. | Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə |
29. | Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı. |
30. | İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış». |
31. | Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər. |
32. | Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər. |
33. | Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa, |
34. | deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər». |
← Genesis (46/50) → |