← Genesis (45/50) → |
1. | Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. |
2. | O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər. |
3. | Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar. |
4. | Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm. |
5. | İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi. |
6. | Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq. |
7. | Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun. |
8. | Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi. |
9. | Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl. |
10. | Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar. |
11. | Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”. |
12. | İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm. |
13. | Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin». |
14. | Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı. |
15. | Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər. |
16. | Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi. |
17. | Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin. |
18. | Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz. |
19. | Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar alın və atanızı gətirib gəlin”. |
20. | Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir». |
21. | İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi. |
22. | Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi. |
23. | Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi. |
24. | O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin». |
25. | Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər. |
26. | Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı. |
27. | Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı. |
28. | İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm». |
← Genesis (45/50) → |