| ← Genesis (44/50) → |
| 1. | Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy. |
| 2. | Kiçiyinin çuvalının ağzına isə mənim gümüş kasamı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi. |
| 3. | Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar. |
| 4. | Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? |
| 5. | Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”». |
| 6. | Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi. |
| 7. | Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. |
| 8. | Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik? |
| 9. | Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq». |
| 10. | O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız». |
| 11. | Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı. |
| 12. | Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı. |
| 13. | Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı. |
| 14. | Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar. |
| 15. | Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?» |
| 16. | Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq». |
| 17. | O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin». |
| 18. | Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. |
| 19. | O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda |
| 20. | biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. |
| 21. | Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. |
| 22. | Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”. |
| 23. | Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”. |
| 24. | Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq. |
| 25. | Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. |
| 26. | Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. |
| 27. | Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu. |
| 28. | Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. |
| 29. | Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. |
| 30. | İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız |
| 31. | onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. |
| 32. | Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”. |
| 33. | İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. |
| 34. | Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm». |
| ← Genesis (44/50) → |