| ← Genesis (43/50) → |
| 1. | Kənan torpağında aclıq güclənmişdi. |
| 2. | Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın». |
| 3. | Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin. |
| 4. | Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq. |
| 5. | Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin». |
| 6. | İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?» |
| 7. | Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?» |
| 8. | Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq. |
| 9. | Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam. |
| 10. | Çünki biz gecikməsəydik, indi ikinci dəfə gedib-qayıdardıq». |
| 11. | Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün. |
| 12. | Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub. |
| 13. | Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın. |
| 14. | Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum». |
| 15. | Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular. |
| 16. | Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər». |
| 17. | O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı. |
| 18. | Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın». |
| 19. | Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər: |
| 20. | «Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik. |
| 21. | Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq. |
| 22. | Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik». |
| 23. | Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi. |
| 24. | O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi. |
| 25. | Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər. |
| 26. | Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər. |
| 27. | Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?» |
| 28. | Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib səcdə etdilər. |
| 29. | Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin». |
| 30. | Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı. |
| 31. | Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin». |
| 32. | Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi. |
| 33. | Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar. |
| 34. | Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər. |
| ← Genesis (43/50) → |