← Genesis (42/50) → |
1. | Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?» |
2. | Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq». |
3. | Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi. |
4. | Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər. |
5. | Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü. |
6. | Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər. |
7. | Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik». |
8. | Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar. |
9. | Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz». |
10. | Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər. |
11. | Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil». |
12. | Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz». |
13. | Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb». |
14. | Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz, |
15. | ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz. |
16. | Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz casussunuz». |
17. | Yusif üç gün onları zindanda saxladı. |
18. | Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. |
19. | Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. |
20. | Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər. |
21. | Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi». |
22. | Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik». |
23. | Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar. |
24. | Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı. |
25. | Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi. |
26. | Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər. |
27. | Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi. |
28. | O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?» |
29. | Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər: |
30. | «O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi. |
31. | Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik. |
32. | Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”. |
33. | O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin. |
34. | Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”». |
35. | Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular. |
36. | Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz». |
37. | Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm». |
38. | Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz». |
← Genesis (42/50) → |