| ← Genesis (41/50) → |
| 1. | İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı. |
| 2. | Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. |
| 3. | Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar. |
| 4. | Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı. |
| 5. | Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı. |
| 6. | Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. |
| 7. | Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi. |
| 8. | Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı. |
| 9. | Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım: |
| 10. | bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı. |
| 11. | Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük. |
| 12. | Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi. |
| 13. | O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı». |
| 14. | Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi. |
| 15. | Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən». |
| 16. | Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək». |
| 17. | Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam. |
| 18. | Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. |
| 19. | Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm. |
| 20. | Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər. |
| 21. | Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım. |
| 22. | Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı. |
| 23. | Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. |
| 24. | Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı». |
| 25. | Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi. |
| 26. | Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir. |
| 27. | Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq. |
| 28. | Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi. |
| 29. | Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq. |
| 30. | Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq. |
| 31. | Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq. |
| 32. | Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək. |
| 33. | Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin. |
| 34. | Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın. |
| 35. | Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar. |
| 36. | Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın». |
| 37. | Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi. |
| 38. | Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?» |
| 39. | Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur. |
| 40. | Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam». |
| 41. | Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm». |
| 42. | Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı. |
| 43. | Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu. |
| 44. | Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək». |
| 45. | Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı. |
| 46. | Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı. |
| 47. | Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi. |
| 48. | Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı. |
| 49. | Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi. |
| 50. | Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu. |
| 51. | Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu». |
| 52. | İkinci oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi». |
| 53. | Misir torpağında yeddi il bolluq qurtardı. |
| 54. | Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi. |
| 55. | Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin». |
| 56. | Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi. |
| 57. | Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi. |
| ← Genesis (41/50) → |