| ← Genesis (40/50) → |
| 1. | Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər. |
| 2. | Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi |
| 3. | və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı. |
| 4. | Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar. |
| 5. | Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü. |
| 6. | Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü. |
| 7. | Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?» |
| 8. | Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın». |
| 9. | Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var. |
| 10. | Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi. |
| 11. | Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim». |
| 12. | Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür. |
| 13. | Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən. |
| 14. | Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart. |
| 15. | Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm». |
| 16. | Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var. |
| 17. | Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi». |
| 18. | Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür. |
| 19. | Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək». |
| 20. | Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı. |
| 21. | Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi, |
| 22. | baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu. |
| 23. | Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu. |
| ← Genesis (40/50) → |