← Genesis (4/50) → |
1. | Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». |
2. | Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi. |
3. | Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. |
4. | Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, |
5. | ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. |
6. | Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? |
7. | Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». |
8. | Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. |
9. | Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» |
10. | Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. |
11. | Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. |
12. | Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». |
13. | Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. |
14. | Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». |
15. | Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. |
16. | Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı. |
17. | Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. |
18. | Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi. |
19. | Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi. |
20. | Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. |
21. | Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu. |
22. | Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi. |
23. | Bir dəfə Lemek arvadlarına dedi: «Ey Ada və Silla, səsimi eşidin, Ey Lemekin arvadları, sözümə qulaq asın: Məni yaraladığı üçün Bir adam öldürdüm, Məni zədələdiyi üçün Bir cavan öldürdüm. |
24. | Qabil üçün yeddi qat qisas alınacaqsa, Lemek üçün yetmiş yeddi qat alınacaq». |
25. | Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». |
26. | Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı. |
← Genesis (4/50) → |