← Genesis (39/50) → |
1. | Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı. |
2. | Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı. |
3. | Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir. |
4. | Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi. |
5. | Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü. |
6. | Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi. |
7. | Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat». |
8. | Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib. |
9. | Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» |
10. | Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu. |
11. | Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi. |
12. | Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı. |
13. | Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə |
14. | ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım. |
15. | O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı». |
16. | Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı. |
17. | Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi. |
18. | Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı». |
19. | Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi. |
20. | Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı. |
21. | Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı. |
22. | Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi. |
23. | Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi. |
← Genesis (39/50) → |