| ← Genesis (38/50) → |
| 1. | O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı. |
| 2. | Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi. |
| 3. | Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu. |
| 4. | Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu. |
| 5. | Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi. |
| 6. | Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi. |
| 7. | Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü. |
| 8. | Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir». |
| 9. | Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin. |
| 10. | Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü. |
| 11. | Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı. |
| 12. | Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi. |
| 13. | Tamara bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir». |
| 14. | Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib. |
| 15. | Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü. |
| 16. | Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?» |
| 17. | Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?» |
| 18. | Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı. |
| 19. | Sonra Tamar qalxıb getdi və rübəndini götürüb dulluq paltarını geydi. |
| 20. | Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o, qadını tapmadı. |
| 21. | Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur». |
| 22. | O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər». |
| 23. | Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın». |
| 24. | Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın». |
| 25. | O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?» |
| 26. | Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi. |
| 27. | Tamar doğanda məlum oldu ki, bətnində əkiz var. |
| 28. | Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu». |
| 29. | Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular. |
| 30. | Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah qoydular. |
| ← Genesis (38/50) → |