| ← Genesis (37/50) → |
| 1. | Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. |
| 2. | Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atalarının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı. |
| 3. | İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi. |
| 4. | Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər. |
| 5. | Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar. |
| 6. | Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın: |
| 7. | biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər». |
| 8. | Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər. |
| 9. | Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir». |
| 10. | O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?» |
| 11. | Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı. |
| 12. | Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. |
| 13. | İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram». |
| 14. | İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı. |
| 15. | Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu. |
| 16. | O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?» |
| 17. | Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı. |
| 18. | Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər. |
| 19. | Qardaşlar bir-birlərinə dedilər: «Budur, yuxu görənimiz gəlir. |
| 20. | İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır». |
| 21. | Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq». |
| 22. | Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. |
| 23. | Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar. |
| 24. | Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi. |
| 25. | Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar. |
| 26. | Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? |
| 27. | Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. |
| 28. | Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar. |
| 29. | Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı. |
| 30. | Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?» |
| 31. | Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar. |
| 32. | Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?» |
| 33. | O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb». |
| 34. | Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu. |
| 35. | Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. |
| 36. | Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar. |
| ← Genesis (37/50) → |