| ← Genesis (35/50) → |
| 1. | Allah Yaquba dedi: «Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda sənə görünən Allaha orada bir qurbangah düzəlt». |
| 2. | Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib paltarlarınızı dəyişin. |
| 3. | Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm». |
| 4. | Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı. |
| 5. | Onlar yola düşdülər. Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər. |
| 6. | Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi. |
| 7. | Burada bir qurbangah düzəldib o yerin adını El-Bet-El qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü orada Yaquba zahir etmişdi. |
| 8. | Rivqanın dayəsi Devora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında basdırdılar. Oranın adını Allon-Bakut qoydular. |
| 9. | Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi. |
| 10. | Allah ona dedi: «Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq». Allah onun adını İsrail qoydu |
| 11. | və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq. |
| 12. | İbrahimə və İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm». |
| 13. | Allah Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkildi. |
| 14. | Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü. |
| 15. | Yaqub Allahın onunla danışdığı yerin adını Bet-El qoydu. |
| 16. | Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rəhilə doğdu. Onun doğuşu ağır oldu. |
| 17. | Doğuş zamanı ağrı çəkəndə mamaça ona dedi: «Qorxma, yenə də bir oğlun oldu». |
| 18. | O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun adını Binyamin qoydu. |
| 19. | Rəhilə öldü və Efrata, yəni Bet-Lexemə gedən yolda basdırıldı. |
| 20. | Yaqub onun qəbri üstünə bir daş qoydu. O bu günə qədər Rəhilənin başdaşıdır. |
| 21. | İsrail yola düşdü və Eder qülləsinin o biri tərəfində çadır qurdu. |
| 22. | İsrail bu ölkədə yaşayanda Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi. |
| 23. | Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və Zevulun. |
| 24. | Rəhilənin oğulları: Yusif və Binyamin. |
| 25. | Rəhilənin qulluqçusu Bilhanın oğulları: Dan və Naftali. |
| 26. | Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun Paddan-Aramda doğulan oğulları bunlardır. |
| 27. | Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Mamredə qərib idilər. |
| 28. | İshaq yüz səksən il ömür sürdü. |
| 29. | O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar. |
| ← Genesis (35/50) → |