| ← Genesis (34/50) → |
| 1. | Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. |
| 2. | O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. |
| 3. | Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. |
| 4. | Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al». |
| 5. | Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu. |
| 6. | Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. |
| 7. | Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı. |
| 8. | Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz. |
| 9. | Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın. |
| 10. | Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun». |
| 11. | Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm. |
| 12. | Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin». |
| 13. | Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı. |
| 14. | Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. |
| 15. | Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, |
| 16. | öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. |
| 17. | Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik». |
| 18. | Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi. |
| 19. | Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi. |
| 20. | Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər: |
| 21. | «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik. |
| 22. | Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun. |
| 23. | Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın». |
| 24. | Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu. |
| 25. | Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. |
| 26. | Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. |
| 27. | Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar. |
| 28. | Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. |
| 29. | Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər. |
| 30. | Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». |
| 31. | Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?» |
| ← Genesis (34/50) → |