| ← Genesis (33/50) → |
| 1. | Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı: |
| 2. | cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu. |
| 3. | Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi. |
| 4. | Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar. |
| 5. | Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır». |
| 6. | Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər, |
| 7. | sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər. |
| 8. | Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün». |
| 9. | Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun». |
| 10. | Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun. |
| 11. | Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü. |
| 12. | Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm». |
| 13. | Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar. |
| 14. | Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm». |
| 15. | Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm». |
| 16. | Esav o gün yola düşüb Seirə qayıtdı. |
| 17. | Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot qoydular. |
| 18. | Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı. |
| 19. | O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. |
| 20. | Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu. |
| ← Genesis (33/50) → |