| ← Genesis (32/50) → |
| 1. | Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi. |
| 2. | Yaqub onları görəndə dedi: «Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim qoydu. |
| 3. | Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi. |
| 4. | Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”. |
| 5. | Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım». |
| 6. | Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var». |
| 7. | Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi: |
| 8. | «Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin». |
| 9. | Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”. |
| 10. | Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. |
| 11. | Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram. |
| 12. | Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”». |
| 13. | Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq |
| 14. | iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç, |
| 15. | balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək götürdü. |
| 16. | Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın». |
| 17. | Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda |
| 18. | ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”». |
| 19. | Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi: |
| 20. | «Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər». |
| 21. | Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı. |
| 22. | Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi. |
| 23. | Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi. |
| 24. | Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. |
| 25. | Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. |
| 26. | O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». |
| 27. | O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». |
| 28. | O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». |
| 29. | Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. |
| 30. | Yaqub o yerin adını Peniel qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım». |
| 31. | Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı. |
| 32. | Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu. |
| ← Genesis (32/50) → |