← Genesis (31/50) → |
1. | Yaqub Lavanın oğullarının bu sözləri dediklərini eşitdi: «Yaqub atamıza məxsus olan hər şeyə sahib oldu, bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi». |
2. | Yaqub Lavanın ona münasibətini gördü, o da Yaqubla əvvəlki kimi rəftar etmirdi. |
3. | Rəbb Yaquba dedi: «Atalarının ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə olacağam». |
4. | Yaqub xəbər göndərib Rəhiləni və Leanı çöllərə – sürüsünü otardığı yerə çağırdı. |
5. | Yaqub onlara dedi: «Mən atanızın münasibətini görürəm ki, mənimlə əvvəlki kimi rəftar etmir. Ancaq atamın Allahı mənimlədir. |
6. | Siz bilirsiniz ki, var gücümlə atanıza xidmət etmişəm. |
7. | Atanız məni aldatdı və haqqımı on dəfə dəyişdirdi, amma Allah onu mənə pislik etməyə qoymadı. |
8. | O, “xallı heyvanlar sənin haqqın olacaq” deyəndə bütün sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq” deyəndə isə bütün sürüdə alabəzək heyvanlar doğuldu. |
9. | Beləcə Allah atanızın sürüsünü alıb mənə verdi. |
10. | Sürünün dölləndiyi vaxt yuxuda başımı qaldırıb gördüm ki, sürüdəki heyvanlarla cütləşən təkələr alabəzək, xallı və ləkəlidir. |
11. | Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim. |
12. | O dedi: “İndi başını qaldır, gör ki, sürüdəki heyvanlarla cütləşən bütün təkələr alabəzək, xallı və ləkəlidir, çünki Lavanın sənə etdiyi hər şeyi gördüm. |
13. | Mən Bet-Eldə sənə görünən Allaham. Orada bir sütun qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və doğulduğun torpağa qayıt”». |
14. | Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın mülkündə bir payımız ya mirasımız var? |
15. | Məgər o bizi özgə hesab etmir? Axı o bizi satıb bizim üçün ödənmiş pulu da xərclədi. |
16. | Buna görə də Allahın atamızdan aldığı bütün o var-dövlət bizim və uşaqlarımızındır. İndi sən də Allahın söylədiyi şeylərin hamısına əməl et». |
17. | Onda Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi. |
18. | Bütün sürüsünü, qazandığı bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın yanına getsin. |
19. | Lavan qoyunlarını qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini oğurladı. |
20. | Yaqub qaçdığını bildirməməklə Aramlı Lavanı aldatdı. |
21. | Beləcə özünə məxsus olan hər şeyi götürüb qaçdı. O, Fərat çayını keçib Gilead dağlıq bölgəsinə yönəldi. |
22. | Yaqubun qaçdığı Lavana üçüncü gün bildirildi. |
23. | O, qohumlarını özü ilə götürüb yeddi gün onu təqib etdi və Gilead dağlıq bölgəsində Yaquba çatdı. |
24. | Allah gecə yuxusunda Aramlı Lavana görünüb dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de». |
25. | Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead dağında çadır qurdu. |
26. | Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və qızlarımı müharibə əsirləri kimi apardın. |
27. | Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə bunu bildirmədin ki, səni sevinclə, mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım. |
28. | Məni nəvələrimlə qızlarımı öpməyə qoymadın; ağılsızcasına rəftar etmisən. |
29. | Sizə pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: “Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de”. |
30. | İndi atanın evi üçün bərk darıxdığına görə çıxıb gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?» |
31. | Yaqub Lavana cavab verdi: «Qorxub düşündüm ki, qızlarını zorla məndən alarsan. |
32. | Büt allahlarını isə kimin yanında tapsan, o sağ qalmayacaq. Qohumlarımızın önündə yoxlayıb məndə nəyini tapsan, özünə götür». Ancaq Yaqub Rəhilənin onları oğurladığını bilmirdi. |
33. | Lavan Yaqubun, Leanın və iki qarabaşın çadırına girdi, ancaq büt allahları tapmadı. O, Leanın çadırından çıxıb Rəhilənin çadırına girdi. |
34. | Rəhilə ev bütlərini götürərək dəvənin yəhərinə qoyub onların üstündə oturmuşdu. Lavan bütün çadırı yoxladı, ancaq onları tapmadı. |
35. | Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini tapmadı. |
36. | Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və təqsirim nədir ki, məni belə təqib edirsən? |
37. | Bütün şeylərimi yoxladın, bütün ev şeylərindən nə tapdın? Tapdığın şeyi mənim qohumlarımın və öz qohumlarının qabağına qoy ki, ikimizin arasında şəhadət olsun. |
38. | Ötən iyirmi il sənin yanında işlədim, qoyunların və keçilərin balalarını salmadı, sürülərindəki qoçlarını yemədim. |
39. | Vəhşi heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin. |
40. | Gündüzün istisi, gecənin soyuğu məni əldən salardı, yuxum gözümdən tökülərdi. |
41. | İyirmi il sənin evində qaldım: iki qızın üçün on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə haqqımı dəyişdirdin. |
42. | Atamın və İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə olmasaydı, indi yəqin məni əliboş yola salardın. Allah əzabımı və əlimin zəhmətini gördü, dünən gecə sənə xəbərdarlıq etdi». |
43. | Lavan Yaquba belə cavab verdi: «Qızlar mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər mənim sürülərim və sənin gördüyün hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları uşaqlara nə edə bilərəm? |
44. | İndi gəl bir-birimizə əhd edək ki, səninlə mənim aramda şahid olsun». |
45. | Yaqub bir daş götürüb sütun kimi qoydu. |
46. | O öz qohumlarına dedi: «Daş yığın». Onlar daşları götürüb bir qalaq düzəltdilər və o qalağın yanında yeyib-içdilər. |
47. | Lavan onun adını Yeqar-Sahaduta qoydu, Yaqub isə onun adını Qaled qoydu. |
48. | Lavan dedi: «Bu qalaq bu gün mənimlə sənin aranda şahiddir». Buna görə də onun adı Qaleddir. |
49. | Ona həm də Mispa deyildi, çünki Lavan demişdi: «Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim aramda gözətçi olsun. |
50. | Söz ver ki, qızlarımı incitməyəcəksən və onların üstünə arvad almayacaqsan. Bil ki, bizim aramızda bir nəfər şahid olmasa da, Allah aramızda şahiddir». |
51. | Lavan yenə Yaquba dedi: «Bax bu da öz aramızda düzəltdiyim qalaq və sütun! |
52. | Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə – qalağın və sütunun bu tayına gələcəksən. |
53. | Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi. |
54. | Sonra Yaqub o dağda qurban kəsdi və qohumlarını çörək yeməyə çağırdı. Onlar çörək yedilər və dağda gecələdilər. |
55. | Lavan səhər tezdən qalxıb nəvələrini və qızlarını öpdü, onlara xeyir-dua verdi. Sonra öz yerinə qayıtdı. |
← Genesis (31/50) → |