← Genesis (30/50) → |
1. | Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver, yoxsa ölərəm». |
2. | Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər verməyən Allaham?» |
3. | Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və yanına gir. Qoy o, dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun». |
4. | Rəhilə qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi. |
5. | Bilha hamilə olub Yaquba bir oğul doğdu. |
6. | Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan qoydu. |
7. | Rəhilənin qarabaşı Bilha yenə hamilə olub Yaquba ikinci oğul doğdu. |
8. | Rəhilə dedi: «Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim». O, uşağın adını Naftali qoydu. |
9. | Lea daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi. |
10. | Leanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu. |
11. | Lea «uğur qazandım» deyib onun adını Qad qoydu. |
12. | Leanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. |
13. | Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer qoydu. |
14. | Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə Leaya dedi: «Oğlunun məhəbbət otlarından mənə də ver». |
15. | Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın». |
16. | Yaqub axşam çöldən gələndə Lea onu qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun məhəbbət otları ilə satın almışam». Yaqub o gecə onunla yatdı. |
17. | Allah Leanı eşitdi və o hamilə olub Yaquba beşinci oğlunu doğdu. |
18. | Lea dedi: «Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar qoydu. |
19. | Lea yenə hamilə olub Yaquba altıncı oğlunu doğdu. |
20. | O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə ərim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun qoydu. |
21. | Sonra bir qız doğub, adını Dina qoydu. |
22. | Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı. |
23. | O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü». |
24. | O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif qoydu. |
25. | Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və ölkəmə gedim. |
26. | Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən». |
27. | Lavan ona dedi: «Əgər indi sənin gözündə lütf tapdımsa, yanımda qal, çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm». |
28. | Sonra dedi: «Haqqını mənə təyin et, verim». |
29. | Yaqub ona dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini necə saxladığımı bilirsən. |
30. | Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?» |
31. | Lavan dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü qoruyub ona baxaram: |
32. | qoy bu gün sənin bütün sürülərinin içindən keçib qoyunlar arasından hər xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım; haqqım da bu olsun. |
33. | Bundan sonra qarşında olan haqqım üçün gəldikdə düzlüyüm mənim barəmdə şəhadət edəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın». |
34. | Lavan dedi: «Yaxşı, qoy dediyin kimi olsun». |
35. | Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi. |
36. | Sonra özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı. |
37. | Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı. |
38. | Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təknələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi. |
39. | Beləcə heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar doğulurdu. |
40. | Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə qatmadı. |
41. | Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər. |
42. | Ancaq heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu. |
43. | Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu. |
← Genesis (30/50) → |