← Genesis (3/50) → |
1. | Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» |
2. | Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. |
3. | Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» |
4. | İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. |
5. | Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». |
6. | Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. |
7. | O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. |
8. | Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. |
9. | Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» |
10. | O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». |
11. | Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» |
12. | Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». |
13. | Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». |
14. | Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən. |
15. | Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan». |
16. | Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək». |
17. | Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən. |
18. | O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən. |
19. | Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan». |
20. | Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. |
21. | Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi. |
22. | Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» |
23. | Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. |
24. | Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar. |
← Genesis (3/50) → |