← Genesis (29/50) → |
1. | Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi. |
2. | O gördü ki, çöllükdə bir quyu var və onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər. Quyunun ağzında böyük bir daş var idi. |
3. | Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə – quyunun üstünə qoyurdular. |
4. | Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq». |
5. | Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq». |
6. | Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir». |
7. | Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb otarın». |
8. | Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik». |
9. | Yaqub onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi. |
10. | Yaqub dayısı Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun ağzından yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi. |
11. | Yaqub Rəhiləni öpdü və hönkürtü ilə ağladı. |
12. | Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı. |
13. | Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı. |
14. | Lavan ona dedi: «Sən, doğrudan da, mənim sümüyümdən, mənim ətimdənsən». Yaqub onun yanında bir ay qaldı. |
15. | Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə, haqqın nə olsun?» |
16. | Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki Rəhilə idi. |
17. | Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi. |
18. | Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm». |
19. | Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha yaxşıdır. Yanımda qal». |
20. | Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir neçə gün kimi göründü. |
21. | Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki, onun yanına girim». |
22. | Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi. |
23. | Gecə qızı Leanı götürüb Yaqubun yanına apardı. Yaqub onun yanına girdi. |
24. | Lavan öz qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi. |
25. | Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?» |
26. | Lavan dedi: «Bizim yerdə kiçik qızı böyüyündən əvvəl ərə vermək olmaz. |
27. | Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün də yanımda daha yeddi il xidmət etməlisən». |
28. | Yaqub belə də etdi: o həftəni bitirdi. Lavan da qızı Rəhiləni ona arvad olmaq üçün verdi. |
29. | Öz qarabaşı Bilhanı da qızı Rəhiləyə qulluqçu olmaq üçün verdi. |
30. | Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni Leadan da çox sevdi. O, Lavanın yanında daha yeddi il xidmət etdi. |
31. | Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi. |
32. | Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək». |
33. | O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu. |
34. | Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi qoydu. |
35. | O yenə hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda qoydu. Sonra o, bir müddət doğmadı. |
← Genesis (29/50) → |