← Genesis (28/50) → |
1. | İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma. |
2. | Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al. |
3. | Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin; |
4. | İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan». |
5. | İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi. |
6. | Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi. |
7. | Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi. |
8. | Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir. |
9. | Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun bacısı idi. |
10. | Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi. |
11. | Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı. |
12. | O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər. |
13. | Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. |
14. | Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. |
15. | Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm». |
16. | Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim». |
17. | Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır». |
18. | Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü. |
19. | O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi. |
20. | Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə, |
21. | sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq. |
22. | Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm». |
← Genesis (28/50) → |