| ← Genesis (27/50) → |
| 1. | İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi. |
| 2. | İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm. |
| 3. | İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla. |
| 4. | Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm». |
| 5. | İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi. |
| 6. | Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi: |
| 7. | “Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm”. |
| 8. | Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as: |
| 9. | bu saat sürüyə gedib oradan mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi ləzzətli yemək hazırlayacağam. |
| 10. | Sən də onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin». |
| 11. | Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm. |
| 12. | Birdən atam mənə əlini sürtər və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm». |
| 13. | Anası ona dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim şeyi mənə gətir». |
| 14. | Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı kimi ləzzətli yemək hazırladı. |
| 15. | Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi. |
| 16. | Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı. |
| 17. | Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi. |
| 18. | Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?» |
| 19. | Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən». |
| 20. | İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi». |
| 21. | İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?» |
| 22. | Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir». |
| 23. | İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi. |
| 24. | O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli». |
| 25. | İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi. |
| 26. | Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp». |
| 27. | O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi: «Bax oğlumun qoxusu Rəbbin xeyir-dua verdiyi Çölün qoxusu kimidir. |
| 28. | Allah sənə göylərin şehini, Torpağın şirəsini, Bol buğda və çoxlu təzə şərab versin. |
| 29. | Xalqlar sənə qulluq etsin, Ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, Ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, Sənə xeyir-dua verənlər xeyir-dua alsın». |
| 30. | İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı. |
| 31. | Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin». |
| 32. | Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam». |
| 33. | İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu». |
| 34. | Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver». |
| 35. | İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyir-duanı aldı». |
| 36. | Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?» |
| 37. | İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?» |
| 38. | Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı. |
| 39. | Atası İshaq ona belə cavab verdi: «Yaşadığın yer torpağın şirəsindən, Yuxarıda göylərin şehindən uzaq olacaq. |
| 40. | Qılıncınla yaşayıb Qardaşına qulluq edəcəksən. Amma azad olmaq istəyəndə Onun boyunduruğunu Boynundan qırıb atacaqsan». |
| 41. | Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm». |
| 42. | Böyük oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq istəyir. |
| 43. | Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç. |
| 44. | Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal. |
| 45. | Sənə qarşı qəzəbi sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən də məhrum olum?» |
| 46. | Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?» |
| ← Genesis (27/50) → |