| ← Genesis (26/50) → |
| 1. | İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi. |
| 2. | Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal, |
| 3. | bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm. |
| 4. | Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. |
| 5. | Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi». |
| 6. | İshaq da Gerarda yaşadı. |
| 7. | O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi. |
| 8. | İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir. |
| 9. | Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm». |
| 10. | Avimelek dedi: «Bu nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha batıracaqdın». |
| 11. | Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq öldürüləcək» deyə bütün xalqa elan etdi. |
| 12. | İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. |
| 13. | Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi. |
| 14. | Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı. |
| 15. | Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular. |
| 16. | Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun». |
| 17. | İshaq oradan getdi, Gerar vadisində məskən saldı və orada qaldı. |
| 18. | İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi. |
| 19. | İshaqın qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar. |
| 20. | Gerar çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq qoydu, çünki onun üstündə mübahisə etmişdilər. |
| 21. | Onlar başqa bir quyu qazdılar. Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını Sitna qoydu. |
| 22. | İshaq oradan köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər, buna görə də İshaq onun adını Rexovot qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda çoxalacağıq». |
| 23. | İshaq oradan Beer-Şevaya getdi. |
| 24. | O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». |
| 25. | İshaq orada bir qurbangah düzəltdi və Rəbbə sitayiş etdi. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu qazdılar. |
| 26. | O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı torpağa gəldi. |
| 27. | İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz». |
| 28. | Onlar dedilər: «Biz gördük ki, Rəbb, doğrudan da, səninlədir. İndi istəyirik ki, səninlə bizim aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki, |
| 29. | biz sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan». |
| 30. | İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər. |
| 31. | Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər. |
| 32. | O gün İshaqın qulları gəldilər və qazdıqları quyu barədə ona bildirərək «su tapdıq» dedilər. |
| 33. | İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır. |
| 34. | Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı. |
| 35. | Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu. |
| ← Genesis (26/50) → |