← Genesis (25/50) → |
1. | İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi. |
2. | Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. |
3. | Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular. |
4. | Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. |
5. | İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi. |
6. | Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi. |
7. | İbrahim yüz yetmiş beş il ömür sürdü. |
8. | O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu. |
9. | Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar. |
10. | O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı. |
11. | Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı. |
12. | Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir. |
13. | Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam, |
14. | Mişma, Duma, Massa, |
15. | Xadad, Tema, Yetur, Nafiş və Qedma; |
16. | İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi. |
17. | İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu. |
18. | İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi. |
19. | İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. |
20. | İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. |
21. | İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu. |
22. | Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. |
23. | Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək». |
24. | Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. |
25. | İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav qoydular. |
26. | Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi. |
27. | Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu. |
28. | İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi. |
29. | Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi. |
30. | Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi. |
31. | Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». |
32. | Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» |
33. | Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı. |
34. | Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi. |
← Genesis (25/50) → |