← Genesis (24/50) → |
1. | İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. |
2. | Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub |
3. | göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan, |
4. | ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan». |
5. | Nökər ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?» |
6. | İbrahim ona dedi: «Bax oğlumu oraya aparma. |
7. | Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən. |
8. | Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Ancaq mənim oğlumu oraya aparma». |
9. | Nökər əlini ağası İbrahimin budu altına qoyub bu işə görə ona and içdi. |
10. | Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxor şəhərinə gəldi. |
11. | Axşam qadınlar su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında olan su quyusunun yanında dayandı. |
12. | Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. |
13. | Mən bu bulağın yanında dururam; şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər. |
14. | Qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən». |
15. | O, duasını bitirməmişdi ki, İbrahimin qardaşı Naxorun arvadı Milkadan doğulan oğlu Betuelin qızı Rivqa çiynində səhəng gəldi. |
16. | Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və səhəngini doldurub yuxarı qalxdı. |
17. | Nökər onun qabağına qaçıb dedi: «Xahiş edirəm, səhəngindən mənə bir az su ver, içim». |
18. | Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona su verdi. |
19. | Ona su verəndən sonra dedi: «Dəvələrin üçün də su çəkim, içib doysunlar». |
20. | Qız tez səhəngini təknəyə boşaltdı, su çəkmək üçün cəld quyunun yanına qaçdı və nökərin bütün dəvələri üçün su çəkdi. |
21. | O adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini bilsin. |
22. | Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi on şekel olan iki bilərzik götürüb dedi: |
23. | «Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecə qalmaq üçün yer tapılarmı?» |
24. | Qız ona dedi: «Mən Milkanın Naxora doğduğu Betuelin qızıyam». |
25. | Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var». |
26. | O adam əyilib Rəbbə səcdə etdi. |
27. | Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi». |
28. | Qız qaçıb anasının evində bu barədə danışdı. |
29. | Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı. |
30. | O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı. |
31. | Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam». |
32. | O adam evə girdi. Lavan dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla birgə olanlara ayaqlarını yumaq üçün su verdi. |
33. | Onların qabağına yemək gətirildi, ancaq həmin adam dedi: «Məqsədimi söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə». |
34. | O dedi: «Mən İbrahimin nökəriyəm. |
35. | Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi. |
36. | Ağamın arvadı Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər şeyi ona verdi. |
37. | Sonra da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma, |
38. | ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”. |
39. | Mən ağama dedim: “Bəlkə o qadın mənimlə gəlmədi”. |
40. | O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir arvad alacaqsan. |
41. | Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı sənə verməsələr, içdiyin anddan azad olacaqsan”. |
42. | Mən də bu gün bulağın yanına gəlib dua etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram, getdiyim yolu aç. |
43. | İndi mən bulağın yanında dururam; su çəkməyə gələn və mənim ona ‹xahiş edirəm, mənə səhəngindən bir az su ver, içim› deyəcəyim, |
44. | onun da mənə ‹sən də iç, dəvələrinə də gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”. |
45. | Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”. |
46. | O tez səhəngini çiynindən endirib dedi: “Sən iç, gedim dəvələrinə də su verim”. Mən içdim, o isə dəvələrə su verdi. |
47. | Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım. |
48. | Sonra əyilib Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən ağam İbrahimin Allahı Rəbbə şükür etdim. |
49. | İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim». |
50. | Lavan və Betuel ona belə cavab verdilər: «Bu iş Rəbdən oldu; sənə nə yaxşı, nə də pis söz deyə bilərik. |
51. | Bax Rivqa qarşındadır: onu götürüb get və qoy o, Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun». |
52. | İbrahimin nökəri onların sözlərini eşidəndə yerə qapanıb Rəbbə səcdə etdi. |
53. | Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı. |
54. | Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin». |
55. | Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə heç olmasa on gün qalsın, sonra gedər». |
56. | Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni gecikdirməyin, buraxın ağamın yanına gedim». |
57. | Onlar dedilər: «Qoy qızı çağırıb öz dilindən eşidək». |
58. | Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da «gedirəm» dedi. |
59. | Onlar bacıları Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla olan adamları yola saldılar. |
60. | Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız, Minlərlə, on minlərlə övlada ana olasan! Qoy nəslin yağıların yurduna sahib olsun!» |
61. | Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı götürüb getdi. |
62. | İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı. |
63. | Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. |
64. | Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. |
65. | O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. |
66. | Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı. |
67. | İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı. |
← Genesis (24/50) → |