← Genesis (23/50) → |
1. | Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü. |
2. | Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. |
3. | İbrahim cəsədin yanından gedib Xetlilərə dedi: |
4. | «Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım». |
5. | Xetlilər İbrahimə cavab verdilər: |
6. | «Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz». |
7. | İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi. |
8. | Sonra onlarla danışıb dedi: «Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar oğlu Efrondan xahiş edin ki, |
9. | tarlasının qurtaracağında ona məxsus olan Maxpela mağarasını mənə satsın, yanınızda qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin». |
10. | Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan bütün Xetlilərin önündə İbrahimə belə cavab verdi: |
11. | «Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır». |
12. | İbrahim o ölkənin xalqına təzim etdi. |
13. | Sonra o ölkənin xalqının yanında Efrona belə dedi: «Xahiş edirəm, mənə qulaq as: tarlanın dəyərini verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada basdırım». |
14. | Efron İbrahimə cavab verdi: |
15. | «Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır». |
16. | İbrahim Efronun sözünü qəbul edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi. |
17. | Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun ərazisində olan bütün ağaclar |
18. | Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu. |
19. | Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. |
20. | Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir düzəltmək üçün İbrahimə mülk verdilər. |
← Genesis (23/50) → |