← Genesis (22/50) → |
1. | Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. |
2. | Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». |
3. | İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı. |
4. | İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü. |
5. | O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq». |
6. | İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. Onlar birlikdə getdilər. |
7. | İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» |
8. | İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər. |
9. | Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu. |
10. | İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü. |
11. | Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi. |
12. | Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin». |
13. | İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. |
14. | İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq». |
15. | Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi: |
16. | «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə |
17. | Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. |
18. | Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”». |
19. | Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu. |
20. | Bir müddət sonra İbrahimə xəbər verib söylədilər: «Budur, Milka qardaşın Naxora oğullar doğdu: |
21. | ilk oğlu Us, onun qardaşı Buz, Aramın atası olan Qemuel, |
22. | Kesed, Xazo, Pildaş, İdlaf və Betuel». |
23. | Betueldən Rivqa törədi. Bu səkkiz övladı Milka İbrahimin qardaşı Naxora doğdu. |
24. | Onun adı Reuma olan cariyəsi də Tebahı, Qahamı, Taxaşı və Maakanı doğdu. |
← Genesis (22/50) → |