← Genesis (21/50) → |
1. | Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi: |
2. | Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu. |
3. | İbrahim Saradan doğulan oğluna İshaq adını qoydu. |
4. | Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi. |
5. | İshaq doğulanda İbrahimin yüz yaşı var idi. |
6. | Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək». |
7. | O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam». |
8. | Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi. |
9. | Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. |
10. | Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq». |
11. | Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi. |
12. | Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq. |
13. | Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir». |
14. | İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. |
15. | Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. |
16. | Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı. |
17. | Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. |
18. | Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». |
19. | Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. |
20. | Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. |
21. | O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı. |
22. | O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir. |
23. | İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol». |
24. | İbrahim «mən and içirəm» dedi. |
25. | Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi. |
26. | Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm». |
27. | İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı. |
28. | İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu. |
29. | Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» |
30. | O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun». |
31. | Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi. |
32. | Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. |
33. | İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbə sitayiş etdi. |
34. | İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı. |
← Genesis (21/50) → |