← Genesis (20/50) → |
1. | İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı. |
2. | İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı. |
3. | Ancaq gecə yuxuda Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır». |
4. | Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən? |
5. | O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim». |
6. | Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım. |
7. | İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək». |
8. | Avimelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular. |
9. | Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin». |
10. | Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?» |
11. | İbrahim dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər. |
12. | O, doğrudan da, mənim bacımdır: atamız birdir, ancaq anamız ayrıdır. Mən onu arvad aldım. |
13. | Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə”». |
14. | Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı. |
15. | Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən». |
16. | Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun və hər kəs sənin günahsız olduğunu bilsin». |
17. | İbrahim Allaha dua etdi, Allah da Avimelekə, onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu. |
18. | Çünki Rəbb İbrahimin arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı. |
← Genesis (20/50) → |