| ← Genesis (2/50) → |
| 1. | Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. |
| 2. | Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. |
| 3. | Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi. |
| 4. | Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda |
| 5. | yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. |
| 6. | Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. |
| 7. | Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. |
| 8. | Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. |
| 9. | Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. |
| 10. | Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. |
| 11. | Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. |
| 12. | Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. |
| 13. | İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. |
| 14. | Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. |
| 15. | Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. |
| 16. | Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. |
| 17. | Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən». |
| 18. | Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». |
| 19. | Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. |
| 20. | İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. |
| 21. | O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. |
| 22. | Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. |
| 23. | İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb». |
| 24. | Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. |
| 25. | Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar. |
| ← Genesis (2/50) → |