← Genesis (19/50) → |
1. | Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi: |
2. | «Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik». |
3. | Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər. |
4. | Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar. |
5. | Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək». |
6. | Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü. |
7. | O dedi: «Qardaşlarım, pislik etməyin. |
8. | Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır». |
9. | Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar. |
10. | Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar. |
11. | Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən adamlar qapını tapa bilmədilər. |
12. | Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart, |
13. | çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək». |
14. | Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir. |
15. | Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan». |
16. | Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar. |
17. | Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan». |
18. | Lut onlara dedi: «Aman, ağam! |
19. | İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram. |
20. | Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir». |
21. | Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram. |
22. | Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı. |
23. | Günəş doğanda Lut Soara gəldi. |
24. | Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, |
25. | bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi. |
26. | Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi. |
27. | İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi. |
28. | Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən ocaq tüstüsü kimi bir tüstü qalxdığını gördü. |
29. | Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı. |
30. | Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı ilə bir mağarada qaldı. |
31. | Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur. |
32. | Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun». |
33. | Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. |
34. | O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun». |
35. | O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. |
36. | Lutun iki qızı beləcə atalarından hamilə oldu. |
37. | Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır. |
38. | Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır. |
← Genesis (19/50) → |