| ← Genesis (18/50) → |
| 1. | Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. |
| 2. | O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: |
| 3. | «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. |
| 4. | İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. |
| 5. | Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə». |
| 6. | İbrahim çadıra – Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir». |
| 7. | İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. |
| 8. | İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu. Onlar da yedilər. |
| 9. | Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır». |
| 10. | Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı. |
| 11. | İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi. |
| 12. | O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır». |
| 13. | Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü? |
| 14. | Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq». |
| 15. | Sara qorxduğu üçün «gülmədim» deyib inkar etdi. Ancaq Rəbb dedi: «Xeyr, güldün». |
| 16. | O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi. |
| 17. | O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? |
| 18. | Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. |
| 19. | Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin». |
| 20. | Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. |
| 21. | Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim». |
| 22. | O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. |
| 23. | İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? |
| 24. | Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? |
| 25. | Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». |
| 26. | Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm». |
| 27. | İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: |
| 28. | əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam». |
| 29. | İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm». |
| 30. | İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm». |
| 31. | İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». |
| 32. | İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm». |
| 33. | Rəbb İbrahimlə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı. |
| ← Genesis (18/50) → |