| ← Genesis (17/50) → | 
| 1. | İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. | 
| 2. | Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam». | 
| 3. | İbram üzüstə düşdü. Allah onunla danışıb dedi: | 
| 4. | «Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan. | 
| 5. | Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim olacaq, çünki səni çoxlu millətin atası etdim. | 
| 6. | Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq. | 
| 7. | Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam. | 
| 8. | Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam». | 
| 9. | Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı övladların nəsillər boyu əhdimə əməl edin. | 
| 10. | Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun. | 
| 11. | Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq. | 
| 12. | Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin. | 
| 13. | Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq. | 
| 14. | Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq». | 
| 15. | Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara olacaq. | 
| 16. | Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». | 
| 17. | İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» | 
| 18. | Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» | 
| 19. | Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. | 
| 20. | İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. | 
| 21. | Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam». | 
| 22. | Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb yuxarı çəkildi. | 
| 23. | İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət etdi. | 
| 24. | Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi. | 
| 25. | Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi. | 
| 26. | İbrahim oğlu İsmaillə birgə həmin gün sünnət olundu. | 
| 27. | Onunla birgə evdəki bütün kişilər – evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu. | 
| ← Genesis (17/50) → |