← Genesis (16/50) → |
1. | İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi. |
2. | Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı. |
3. | İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. |
4. | İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı. |
5. | Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin». |
6. | İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı. |
7. | Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı. |
8. | Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». |
9. | Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol». |
10. | Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək». |
11. | Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, Bir oğul doğacaqsan. Onun adını İsmail qoyarsan, Çünki Rəbb əziyyət içində fəryadını eşitdi. |
12. | O, insanlar arasında Vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq, Bütün qardaşları ilə yola getməyərək yaşayacaq». |
13. | Həcər onunla danışan Rəbbi «El-Roi adlandırdı» dedi, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm». |
14. | Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir. |
15. | Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu. |
16. | Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi. |
← Genesis (16/50) → |