← Genesis (15/50) → |
1. | Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». |
2. | İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». |
3. | İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». |
4. | Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». |
5. | Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». |
6. | İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. |
7. | Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». |
8. | İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» |
9. | Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı buğa, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». |
10. | İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı. |
11. | Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu. |
12. | Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. |
13. | Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. |
14. | Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. |
15. | Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən. |
16. | Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb». |
17. | Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış heyvanların arasından keçdi. |
18. | O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – |
19. | Qenlilərin, Qenizlilərin, Qadmonluların, |
20. | Xetlilərin, Perizlilərin, Rafalıların, |
21. | Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm». |
← Genesis (15/50) → |